×
A
A
A
Sazlamalar

ADY elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edib

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Dövlət Dəmir Yolları (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarların hərəkət cədvəlində dəyişiklik edib.
ADY-dan AZƏRTAC-a bildirilib ki, qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin qrafik üzrə vaxtında mənzil başına çatdırılması və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə hərəkət cədvəlində dəyişikliklərə martın 11-dən başlanacaq. Yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlarda, həmçinin elektrik qatarlarının monitorlarından əldə etmək olar.
Eyni zamanda, sözügedən tarixdən etibarən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatar reysə buraxılacaq. İkinci qatarın xəttə buraxılması sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasını təmin edəcək və turniketlərdə müşahidə olunan sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.
Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.
ADY QSC sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd “Stadler FLIRT” tipli sərnişin qatarlarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.

Nəqliyyat 2023-03-09 17:28:00