Hazırda Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə strategiya hazırlayır
Bakı, 9 mart, AZƏRTAC
Hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə sektorunun inkişafı üzrə strategiya hazırlanmaqdadır və həmin strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır.
AMB-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclasında deyib.
Orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyinə toxunan Mərkəzi Bankın sədri Taleh Kazımov diqqətə çatdırıb ki, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və digər qurumların rəhbərləri çıxış edərək bildiriblər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının fəaliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, milli iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfə verməkdədir.
Çıxışlarda real sektorun kreditləşməsinin aktivləşdirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün investisiya şirkətlərinin fəaliyyətinin gücləndirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin (xüsusilə daşınar əmlakın girov kimi qeydiyyatı üzrə) aradan qaldırılması məsələlərinə toxunulub. Həmçinin real sektorun, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, sahibkarların maliyyə savadlılığının artırılması üçün təlimlərin təşkil edilməsi, habelə müvafiq qanun layihələrinin hazırlanması və düzəlişlərin edilməsində sahibkarlarla müzakirələrin aparılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər önə çəkilib. Mərkəzi Bank tərəfindən milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi vurğulanıb.
T.Kazımov deyib ki, iclasda qaldırılan məsələlər, səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaq, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar şəraitində biznes mənsubları güclü və dayanıqlı maliyyə sisteminin yaratdığı imkanlardan daha geniş miqyasda faydalanacaqlar.
Vebinar: Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları
Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?
Bugünkü hərracda tələb 22,4 milyon dollar olub
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?
İşğaldan azad edilmiş ərazilərin bərpasında dünya təcrübəsinin strateji aspektləri