×
A
A
A
Sazlamalar

Vergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilib

Bakı, 9 mart, AZƏRTAC
Dünya Bankı tərəfindən beynəlxalq və ölkədaxili vergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları üçün təlim-seminar təşkil olunub.
“Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra olunan layihə çərçivəsində Bakıda səfərdə olan Dünya Bankının nümayəndə heyəti tərəfindən martın 9-10-da beynəlxalq və ölkədaxili vergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dünya Bankının dövlət sektoru üzrə aparıcı mütəxəssis və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varelanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Bankın dövlət sektoru üzrə böyük mütəxəssisi və tapşırıq qrupunun həmrəhbəri Coui Qaleb, maliyyə idarəetməsi üzrə böyük mütəxəssis Tural Camalov, vergi orqanlarının elektron informasiya sistemləri üzrə məsləhətçisi Vladimir Kalderon, vergi məsələləri üzrə beynəlxalq məsləhətçi Xalid El-Korek və Kristian Lukas daxildir.
Missiyanın məqsədi, həmçinin texniki yardım proqramı ilə nəzərdə tutulmuş işlərin davam etdirilməsidir. Səfər zamanı əməletmə risklərinin idarə olunması üzrə görülən işlər çərçivəsində vergi auditi funksiyasının təhlili və İKT sahəsində bu yaxınlarda tamamlanmış qiymətləndirmənin davamı olaraq, Dövlət Vergi Xidmətində rəqəmsallaşmanın cari statusu ilə bağlı müvafiq strukturlarla fikir mübadiləsi aparılıb.
Texniki Yardım İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Trast Fondunun qrantı hesabına maliyyələşdirilir və Azərbaycan hökumətinə vergi rejiminin beynəlxalq qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsində və vergi administrasiyasının müasirləşdirilməsində yardım etmək məqsədi daşıyır.

İqtisadiyyat 2023-03-09 17:17:00