×
A
A
A
Sazlamalar

FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək?

Bakı, 9 mart, AZƏRTAC

Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. Belə ki, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, uçot dərəcəsinin 2023-cü ildə 6 faizədək yüksəldilməsi istisna edilmir. Qeyd edək ki, martın 21-22-də FED yenidən bir araya gələcək. FED-in yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır.
Avro da ABŞ valyutasına nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır.
V.Bayramov qeyd edib ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank fevralın 28-də hərraclarda 42,7 milyon, martın 2-də 51,7 milyon, martın 7-də 44,8 milyon dollar satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği ilə əlaqəlidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.
“Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə o qeyd edib.

Maliyyə 2023-03-09 14:22:00