×
A
A
A
Sazlamalar

Azərbaycan mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycanın hazırkı qlobal siyasi münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi ölkəmizə olan diqqəti daha da artırır. Şübhəsizdir ki, Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi indi Mərkəzi Asiyadan Avropaya qədər hər kəsin marağına səbəb olur. Azərbaycan dünyanın ən vacib təşkilatlarının, eyni zamanda, nüfuzlu konfransların daimi iştirakçısıdır. Dövlətimizin başçısının siyasi kursu dünya tərəfindən diqqətlə izlənilir və tədqiq edilir. Azərbaycan dünyanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır. Ölkəmizin mövqeyi dünyada bir sıra vacib qərarların alınmasına da birbaşa təsir göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O qeyd edib ki, Azərbaycan dəfələrlə nüfuzlu forumlara ev sahibliyi edib. 10-cu Qlobal Bakı Forumu həm də bir sıra vacib çağırışları özündə ehtiva edir. Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır. Belə təşəbbüslərin davamlı olması beynəlxalq münasibətlərin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, dünya miqyaslı ictimai-siyasi xadimlərin iştirakı və çıxışı tədbirin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev də çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Qarabağ Zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib. Ölkəmizin mövqeləri hər gün daha da inkişaf edir.
T. İsmayılov qeyd edib ki, öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Prezident İlham Əliyev Mərkəzin işini hər zaman yüksək qiymətləndirib. Politoloqun fikrincə, Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. O cümlədən həmin forumlardan fərqlənir. Davos Forumu yalnız iqtisadi, Münxen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Amma Bakı Qlobal Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar, eləcə də digər məsələləri əhatə edir.
Tural İsmayılov bildirib ki, Qlobal Bakı Forumunda dünyanın gələcək siyasi mənzərəsi daha da aydınlaşır. Forumda Prezident İlham Əliyevin çıxışı və səsləndirdiyi bəyanatlar xüsusi əhəmiyyətə malikdir.

İqtisadiyyat 2023-03-09 13:32:00