×
A
A
A
Sazlamalar

Ekspert: Qlobal Bakı Forumu regional və qlobal problemlərin həllində mühüm əhəmiyyət daşıyır

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu regional və qlobal problemlərin müzakirəsi və həlli istiqamətində mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışında əsasən Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyindəki roluna toxunuldu: “Həmçinin qarşılıqlı, faydalı olan fəaliyyətin daha da genişləndiriləcəyinə, yeni sahələri əhatə edəcəyinə dair fikirlər söylənildi. Xüsusən Azərbaycanın 2018-ci ildən TANAP, 2021-ci ildən isə TAP vasitəsilə Avropaya qaz ixracına başladığı barədə məlumat verildi. Ölkəmiz 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu rəqəmin 24,5 milyard kubmetr olacağı diqqətə çatdırıldı. 2022-ci ilin yayında Avropa Komissiyası ilə Bakıda Enerji Forumu çərçivəsində strateji tərəfdaşlıq barəsində bəyannamə imzalananda da Azərbaycan elan etdi ki, yaxın 5 il ərzində Avropa Komissiyasi ilə birgə əməkdaşlıq çərçivəsində TAP və TANAP layihələrinin genişləndirilməsi ilə Avropaya qaz ixracını ən az 2 dəfə artıracaq. Ümumi qaz ixracımızı 31-32 milyard kubmetrə çatdıracağıq, Avropa İttifaqına isə 20 milyard kubmetrdən daha çox qaz ixracı TAP vasitəsilə həyata keçiriləcək. Qalan qaz isə TANAP vasitəsilə Gürcüstan və Türkiyəyə ixrac olunacaq”.
Ekspert vurğulayıb ki, bu Avropanın qaz tələbatının diversifikasiyasında olduqca mühüm istiqamətdir. Azərbaycan üçün də önəmli əhəmiyyət daşıyır, çünki Azərbaycanın qaz resurslarının gəliri ümumi enerji ixracında ilk dəfə olaraq 2022-ci ildə 42-43 faizlik paya malik olub, qaz ixracı ölkəmizin ümumi valyuta gəlirlərində mühüm rol oynamağa başlayıb.
“Azərbaycan ümumiyyətlə enerji strategiyasında bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracına da xüsusi diqqət verir. Bu istiqamətdə Azərbaycanın 200 qiqavata qədər potensialı və ehtiyatı var. Bunun 157 qiqavatı dəniz üzərində külək enerjisi, 27 qiqavatı isə quruda günəş, külək enerjisidir. Qalanı isə hidrogen və digər bərpaolunan enerji mənbələridir. Yaxın 5 ildə Azərbaycan özünün yaşıl enerji mənbələri hesabına elektrik enerjisi istehsalını 6 qiqavata qədər qaldırmağı və bunun da 80 faizə qədərinin ixracını planlaşdırır. Bu istiqamətdə Azərbaycan Avropa ilə əməkdaşlıq edir ki, bu da ölkə iqtisadiyyatının gələcəyi üçün əhəmiyyətlidir”, - deyə X.Kərimli vurğulayıb.

İqtisadiyyat 2023-03-09 12:45:00