×
A
A
A
Sazlamalar

Anar Bağırov: Naxçıvanda vəkillik sahəsində islahatlar aparılacaq VİDEO

Naxçıvan, 9 mart, AZƏRTAC

Son illər ərzində ölkəmizdə vəkillik institutu inkişaf edir. Vəkillik sahəsində mühüm islahatlar aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı deyib.

O bildirib ki, Naxçıvanda da vəkillik sahəsində islahatlar aparılacaq.

“Vəkillərin sayı artırılacaq. İnsanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Biz Naxçıvana səfər çərçivəsində bir sıra görüşlər keçiririk. O cümlədən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüz oldu. Vəkilliyin inkişafı ilə bağlı müzakirə apardıq. Eyni zamanda, bizim Naxçıvan vəkilləri ilə də tədbirlərimiz, görüşlər nəzərdə tutulub. Burada vəkilliyin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağıq. Məqsədimiz odur ki, Naxçıvanda da mütəmadi olaraq vəkilliyə qəbul aparılsın, gənc hüquqşünaslar vəkilliyə cəlb olunsun", - deyə A.Bağırov qeyd edib.

Sədr deyib ki, səfər çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə memorandum imzalanacaq: "Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsi ilə bağlı  geniş tədbirlər planımız nəzərdə tutulub. Bu fakültəyə dəstək vermək istəyirik. Bizim bu sahədə geniş təcrübəmiz var. Ölkənin bütün ali təhsil ocaqlarındakı Hüquq fakültələri ilə sıx əməkdaşlıq edirik. Çox şadam ki, artıq bu sırada Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi də olacaq".

A.Bağırov sabahdan etibarən Naxçıvanda ödənişsiz hüquqi yardım aksiyalarının keçiriləcəyini bildirib: “Heydər Əliyev İli” ilə əlaqədar hər ay Naxçıvanda vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək. Fürsətdən istifadə edib, Naxçıvan sakinlərini bu aksiyada fəal iştirak etməyə dəvət edirəm. Ümid edirəm ki, aksiyaya böyük maraq olacaq. Sabah isə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bir sıra qurumların nümayəndələrinin iştirakı ilə Naxçıvanda və ümumən ölkədə vəkillik sahəsində mövcud olan problemləri müzakirə edəcəyik. Biz bu problemlərin aradan qaldırılmasını və bütün vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin olunmasını məqsəd kimi qarşıya qoymuşuq”.

Regionlar 2023-03-09 12:31:34

Video