×
A
A
A
Sazlamalar

Karikaturaları ilə Avropada erməniləri ifşa edən qubadlılı rəssam FOTO

Bakı, 8 mart, AZƏRTAC

Altmış yeddi yaşlı Şirin Cəfərov 50 ilə yaxındır rəssamlıqla məşğul olur, əsasən karikaturalar çəkir. O, uzun illər Avropada yaşayıb, əsərlərinin böyük hissəsini Qarabağa həsr edib.
AZƏRTAC xəbər verir ki, hazırda paytaxtda, İçərişəhərdə fəaliyyət göstərən rəssam gündəlik qazancını da elə çəkdiyi karikaturalardan çıxarır.
Qubadlının Mahmudlu kəndində dünyaya gələn Şirin Cəfərov 1977-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasına qəbul olub. 1982-ci ildə akademiyanı bitirdikdən sonra təhsilini davam etdirmək üçün Litvaya gedib.
Müsahibimiz qeyd edir ki, o dövrdə Litvaya getmək elə də asan deyildi. Çətinliklərə baxmayaraq, Litva Rəssamlıq Akademiyasına qəbul olunub. Sonra burada azərbaycanlı xanımla ailə həyatı qurub: “1990-cı illərdə ailəmdən elə də yaxşı xəbərlər almırdım. Vətənə qayıtmaq istəyirdim, lakin uşaqlarım çox balaca idi. Ona görədə qayıda bilmirdim. Düşündüm ki, Vətənim üçün, doğma Qubadlım üçün nə edə bilərəm? Belə qərara gəldim ki, erməni işğalı ilə bağlı karikaturalar hazırlayım. Həqiqətləri xaricilərə bu yolla çatdırım. Belə də etdim. Litvada Ermənistanın Azərbaycana təcazüvü ilə bağlı karikaturlar hazırlayıb, meydanlarda nümayiş etdirməyə başladım”.
Şirin Cəfərov Litvanın müxtəlif şəhərlərində - Kaunas, Klaypeda, Elektrenay, Palanqada, Druslinkayada olub, müxtəlif rəsm qalereyalarında əsərlərini nümayiş etdirib. Yerli qəzetlər artıq onun haqqında məlumatlar dərc etməyə başlamışdı. Qubadlılı rəssam sonra Polşaya köçmək məcburiyyətində qalıb. O, burada da ermənilərin doğma xalqına, millətinə necə zülm etdiyini əsərlərində göstərir. Daha sonra Fransada və Belçikada yaşayıb. Lakin hər zaman qəlbində Vətən həsrəti olub... Ona görə də 2005-ci ildə Azərbaycana qayıdıb.
Rəssam xaricdə çəkdiyi əsərlərini bəzi səbəblərə görə Azərbaycana gətirə bilmədiyi üçün, onları oradakı dostlarına hədiyyə edib. Şirin Cəfərov Azərbaycana qayıtdıqdan sonra Qarabağla bağlı 10-dan çox rəsm sərgisi açıb.
O, hazırda paytaxtda, İçərişəhərdə fəaliyyət göstərir. Çəkdiyi karikaturalar xüsusən xarici turistlərin diqqətini daha çox cəlb edir. Elə buna görə də tez-tez xarici turistlər tərəfindən karikaturalarını çəkmək üçün sifariş alır.
Rəssamın ən böyük arzusu isə erməni işğalından azad edilən doğma rayonu Qubadlı bərpa olunduqdan sonra oraya qayıtmaq və rəsm sərgisi açmaqdır.

Regionlar 2023-03-08 19:02:00