×
A
A
A
Sazlamalar

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Füzulidə erməni vəhşiliyinin şahidi olub VİDEO

Füzuli, 8 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonağa Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Artıq Füzuli və Zəngilan beynəlxalq hava limanının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Sonra Qaraxanbəyli kəndi ərazisinə gələn qonağa Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Həmçinin bildirilib ki, 44 günlük Vətən müharibəsinə Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək 30 il işğal altında qalan torpaqları azad etdi. Füzuli rayonunun Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilmiş yaşayış məntəqələrindəndir. 44 günlük Vətən müharibəsinin ilk şəhidləri də bu ərazidə verilib. Həmin ərazidə şəhidlərimizin şərəfinə abidə ucaldılıb.
Qonaq sonra Merdinli kəndində erməni barbarlığı ilə tanış olub. Ona 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.
Turki Al Faysal sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Ermənilər işğal dövründə su anbarını da yararsız hala salıblar. Hazırda Azərbaycan dövləti tərəfindən su anbarında bərpa işləri həyata keçirilir.
Sonra qonaq Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olub. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrinə, həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib.
Füzulidə erməni barbarlığı ilə tanış olan Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şuşa şəhərinə yola düşüb.

Regionlar 2023-03-08 15:13:00

Video