×
A
A
A
Sazlamalar

Ağcabədidə şəhid ailələri ziyarət olunub

Ağcabədi, 8 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin bir qrup əməkdaş və könüllüləri Ağcabədidən olan şəhidlər Gülalı Qəhrəmanov və Tariyel Atayevin ailələri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı mərkəzin əməkdaşları şəhidlərin xanım ailə üzvlərini təbrik ediblər. Qeyd edilib ki, Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır. Sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, xanımları və bacıları da var. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da əziyyətini unutmayacaq, onları daim yad edəcək.
Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, Azərbaycanın inkişafında qadınlarımızın misilsiz xidmətləri var. Azərbaycan qadınları Vətən müharibəsi zamanı da əsl fədakarlıq və vətənpərvərlik nümunələri göstəriblər.
Sonda şəhid ailələrinə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının bayram hədiyyələri və Novruz xonçaları təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Regionlar 2023-03-08 15:03:00