×
A
A
A
Sazlamalar

FHN: Astara rayonunda baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

Bakı, 6 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.
Yanğınların söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.

Hadisə 2023-03-06 23:31:00