×
A
A
A
Sazlamalar

Özünüməşğulluq proqramı üzrə kiçik biznesini quran qadınlarla iş yerlərində görüş keçirilib

Bakı, 6 mart, AZƏRTAC

Özünüməşğulluq proqramı çərçivəsində kiçik müəssisələr yaradan Nüyvər Musayeva və Gülşən Əzimova ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli həmin xanımlara məxsus istehsal və xidmət sahələri ilə tanış olub, qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onları təbrik edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, qadınların məşğulluğunun və əmək bazarında iştirak imkanlarının artırılması üçün işlərin ildən-ilə gücləndirildiyini, həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsinin qadınlardan ibarət olduğunu bildirib.
Qadınların məşğulluq və kiçik biznesə çıxış imkanlarının artırılması sahəsində layihələrin icra edildiyi və həmin layihələrin qarşıdakı dövrdə də davam etdiriləcəyi vurğulanıb.
N.Musayeva un məmulatları istehsalı zərfi, G.Əzimova isə kiçik dərzi sexi zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaq üçün lazım olan avadanlıqlarla təmin ediliblər.
Onlar işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasına, göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.

Sosial 2023-03-06 17:05:00