×
A
A
A
Sazlamalar

İran vətəndaşı ilə əlbir olaraq narkotik satan şəxs saxlanılıb VİDEO

Bakı, 6 mart, AZƏRTAC

İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edən şəxsdən 16 kiloqram marixuana aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nadim İmanverdiyev Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Nadim İmanverdiyev ifadəsində narkotik vasitələri Bakıda satmaq məqsədilə sosial şəbəkələrdə tanış olduğu “Seyfur Rza” adlı İran vətəndaşından onlayn yolla aldığını bildirib.
Bu ilin fevralında ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin həyata keçirdikləri əməliyyatlar zamanı saxlanılıb. Onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib.
Bundan başqa, üzərində qanunsuz odlu silah-sursat saxlayan şəxs Xətai Rayon Polis İdarəsinin və 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb. Oruc Babayev adlı həmin şəxsdən “Revolver” tipli tapança və 3 patron götürülüb.
Rayon ərazisində dövlətin balansında olan transformator məntəqəsindən oğurluq edən Naib Musayev isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı saxlanılıb. Həmin şəxsin törətdiyi oğurluq nəticəsində dövlət qurumuna 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən olunub.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Hadisə 2023-03-06 16:30:00

Video