×
A
A
A
Sazlamalar

Azərbaycanla ABŞ arasında çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirib. Qarşı tərəfə martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşü və nəticələri barədə məlumat verib.
Ceyhun Bayramov, eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib.
Nazir qarşı tərəfə bölgədə münaqişəsonrası vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xarici siyasət 2023-03-06 16:18:00