×
A
A
A
Sazlamalar

Körpə nərə balıqlarının ovlanmasını sifariş edənlərə xəbərdarlıq

Bakı, 6 mart, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsi balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha da gücləndirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Neftçala rayonunda növbəti profilaktik tədbir həyata keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı Neftçala rayon sakinləri Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev, İsmayıl Rəsulov, Turab Süleymanov və Bilal Hüseynov qanunla istifadəsi qadağan olunmuş balıqovlama alətləri ilə körpə balıq ovladıqları üçün saxlanılıblar. Həmin şəxslərdən qadağan olunmuş balıq ovu alətləri və 360 metr uzunluğunda sintetik tor maddi sübut kimi götürülüb.
Xaçmaz rayonunda keçirilən tədbir zamanı isə su polisləri Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli və digər növdən olan balıqların ovalandığını müəyyən ediblər. Araşdırma zamanı körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan həvəskar balıqçı adı altında tutulub satılmasını təşkil edən şəxslər müəyyən edilərək saxlanılıblar. Faktlarla bağlı həmin şəxslər barəsində akt və inzibati xəta haqqında protokollar tərtib edilib.
Araşdırmalar zamanı, həmçinin müəyyən edilib ki, körpə nərə balıqlarının qanunsuz ovlanması paytaxtda, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş olunub. Həmin ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, belə halların təkrarlanacağı təqdirdə barələrində DİN Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanuna uyğun olaraq ciddi tədbirlər görüləcək.
Su polisləri tərəfindən ölkə ərazisində, xüsusən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərə balıqlarının ovlanmasının və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə mütəmadi davam etdiriləcək.
İdarənin əməkdaşları digər aidiyyəti dövlət orqanı ilə birgə Qızılağac, Sarısu və digər qoruqlarda adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin, eləcə də müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirlərini mütəmadi qaydada həyata keçirirlər.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012 433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Hadisə 2023-03-06 12:14:00