×
A
A
A
Sazlamalar

“Neftçi” klubu Azərbaycan çempionatında ilkə imza atıb

Bakı, 6 mart, AZƏRTAC
“Neftçi” klubu Azərbaycan çempionatlarında 1500-cü qolu vurub. Bu, Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib. “Bakcell Arena”da “Turan Tovuz”u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından olan “Neftçi” bu qarşılaşmayadək 1496 dəfə fərqlənib. Paytaxt təmsilçisinin qarşılaşmadakı dördüncü topu yubiley xarakteri daşıyıb.
Yubiley qoluna Emin Mahmudov imza atıb. Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakı təmsilçisi 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.
Qeyd edək ki, “Neftçi”nin birinci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci il dekabrın 4-də “Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.

İdman 2023-03-06 11:22:00