×
A
A
A
Sazlamalar

Elvar Osmanov: Ölkəmizdə idmanın inkişafına görə biz Ulu Öndərə borcluyuq

Bakı, 5 mart, AZƏRTAC

Ölkəmizdə hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşü və İdman Fondunun təsis edilməsi ilə öz təsdiqini tapıb. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın davamlı inkişafı ilə bağlı yeni strategiyanın əsası qoyuldu. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyi yenidən təşkil edildi.
Bu fikirləri AZƏRTAC-a “Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov bildirib.
Qeyd edib ki, ötən müddət ərzində ölkəmizdə mükəmməl idman infrastrukturu yaradıldı: “Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Göründüyü kimi, bu möhtəşəm obyektlər neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi etdi, idmançılarımızın uğurları dünyaya səs saldı. Habelə Formula-1 Azərbaycan Qran-Prisi ölkəmizin dünyada daha da tanınmasına geniş imkanlar açdı”.
Elvar Osmanov bildirib ki, beynəlxalq idman təşkilatlarında həmvətənlərimizin rəhbər postlara çəkilməsi də bizləri çox fərəhləndirir. “Gənclər və idman naziri Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasına prezidenti seçilməyi ölkəmizin böyük uğurudur. İnanıram ki, Avropa qitəsində gimnastikanın inkişafına böyük töhfə verəcək.
Bütün bu uğurlar Azərbaycanın idman ölkəsi kimi tanınmasına geniş imkanlar açır. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə idman tədbirlərinin təşkil edilməsi bizlərə bu günü bəxş edən dahi rəhbərin xatirəsini ehtiramla yad etmək imkanı yaradır. Bu da hər birimizin mənəvi borcudur”, - deyə İctimai Birliyinin İdarə Heyətinin sədri vurğulayıb.

İdman 2023-03-05 23:33:00