×
A
A
A
Sazlamalar

Elxan Səmədov: Dövlətimizin başçısı həmişə idmançılardan qələbə ruhunu qorumağı tələb edir

Bakı, 5 mart, AZƏRTAC

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan idmanının bir parçası olan Peşəkar Futbol Liqası üçün də xüsusi və fəxr etdiyimiz günlərdən biridir. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu da idman ictimaiyyətinin hər bir üzvünün bayramı anlamına gəlir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.
Dövlətimizin başçısının idmançılara diqqət və qayğı ilə yanaşdığını deyən PFL rəsmisi qeyd edib: “Prezident İlham Əliyevin 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində dediyi sözləri xüsusilə xatırlayıram: “Baxmayaraq ki, ölkə Prezidenti kimi mənim çoxsaylı işlərim, böyük, çoxşaxəli funksiyalarım vardır, Milli Olimpiya Komitəsinin prezidenti kimi də mən daim idmançılarla təmasdayam, onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm. Hesab edirəm ki, bu, həm cəmiyyət, həm də idmanın inkişafı üçün lazımdır. Mən onu da qeyd etmək istəyirəm ki, ölkə Prezidenti vəzifəsinə də idman aləmindən gəlmişəm. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti və 2003-cü ildə respublika Prezidenti seçilmişəm. Yəni, mən Azərbaycan rəhbərliyində, belə demək mümkünsə, idmançıları təmsil edirəm və bundan sonra da hər bir sahəyə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərəcəyəm”.
Elxan Səmədov deyib ki, Prezident İlham Əliyevin idmanı dərindən bilməsi, xüsusilə futbola rəğbəti sirr deyil. Ölkə rəhbəri məhz 2005-ci ildə Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı sərəncamdan qısa müddət sonra, oktyabrın 10-da Azərbaycan futbolu üçün tarixi bir sərəncam imzaladı. Respublikamızda futbola dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam verildi. Bu sərəncamla Azərbaycanda futbol sanki yenidən doğuldu. Paytaxtla yanaşı, bölgələrdə klublar yaradıldı, bir çoxları bərpa edildi. Ölkəyə əcnəbi mütəxəssislər, futbolçular dəvət edildi ki, yekunda da onların təcrübəsi Azərbaycan futbol ailəsinin qurulmasında böyük rol oynadı. Qəbələdə, Lənkəranda, Yevlaxda, Zaqatalada, Tovuzda, İmişlidə və digər bölgələrimizdə futbol infrastrukturu quruldu. Nəticədə ölkəmizi sonralar avrokuboklarda da təmsil edəcək klubların heyətində bu bölgələrin gənclərini izləyə bildik. 2012-ci ildə ilk dəfə Azərbaycanın bir klubu - “Neftçi” UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Ardından “Qəbələ” və “Qarabağ” klubları bu uğuru təkrarladı. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu dövlət siyasətinin nəticəsidir ki, Ağdamın “Qarabağ” klubu ardıcıl 9 ildir Avropa kuboklarının qrup mərhələsində çıxış edir. Prezident ən önəmli məqamlarda futbolçuları qəbul edib, qələbə və məğlubiyyətdən asılı olmayaraq, dəstəyini göstərib. İdmançıların məişət problemlərinin həlli də daim diqqət mərkəzindədir. Demək olar ki, hər il 20-30 idmançıya dövlət və Milli Olimpiya Komitəsi tərəfindən yeni mənzillər verilir, onların arasında futbol ailəsinin üzvləri də yer alır. Futbolçulara məşq etmək, qələbələr qazanmaq, uğurlara imza atmaq üçün bütün şərait yaradılıb.
“Şəxsən özüm uzun illər minifutbol və futzalla məşğul olmuşam, müxtəlif beynəlxalq yarışlarda iştirak etmişəm. O zamanlar torpaqlarımızın işğal altında olmasına baxmayaraq, dövlətimizin başçısı həmişə idmançılardan qələbə ruhunu qorumağı tələb edirdi. 44 günlük müharibə dövründə bu tələbin insanlarımızın həyata baxışının, arzularının, qələbə istəyinin yüksək tutulmasında nə qədər önəmli rol oynadığının şahidi olduq. Sıralarında futbolçuların da olduğu idman ailəsinin 500 üzvü fəal döyüşlərə qatılaraq, Ali Baş Komandanın rəhbərliyi altında şanlı zəfərin əldə edilməsində mühüm rol oynadı”, - deyə E.Səmədov əlavə edib.
Elxan Səmədov deyib: “Məhz dövlətin qayğısı və Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasətinin nəticəsidir ki, Peşəkar Futbol Liqası olaraq bu gün fəaliyyət göstərməyimiz üçün bütün imkanlarımız var. İnanırıq ki, bu dəstəyin qarşılığında futbol ailəmizlə birgə fəaliyyətimiz nəticəsində beynəlxalq arenada qazanacağımız daha böyük uğurlarla bayrama bayram qatacağıq”.

İdman 2023-03-05 09:01:00