Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb
Pekin, 4 mart, AZƏRTAC
ÇXR-də ilin ən iri siyasi tədbiri olan Çin Xalq Siyasi Məşvərət Şurasının sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Məşvərət Şurasının illik sessiyasının açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər. Bir həftə davam edəcək sessiyada ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.
Çin siyasi sisteminin mühüm orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət və dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır.
Şuranın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində, ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası ilə paralel keçirilir. On dördüncü çağırış Xalq Nümayəndələri Yığıncağının ilk sessiyası isə martın 5-də başlayacaq. Yığıncaqda hökumətin hesabatı və iş planı, ölkənin 2023-cü il üçün sosial-iqtisadi inkişaf planı, dövlət büdcəsi təsdiqlənəcək, Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, bundan başqa, qanunvericilik haqqında qanuna dəyişiklik layihəsinə və Dövlət Şurası (Nazirlər Kabineti) təsisatının islahatları planına baxılacaq.
Çinin ali qanunverici orqanının builki sessiyası ölkənin rəhbər şəxslərinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Belə ki, ölkənin bütün bölgələrini təmsil edən təxminən 3 min nümayəndə sessiyanın gedişində 2023-2028-ci illər üçün Çin Xalq Respublikasının Sədrini və onun müavinini, silahlı qüvvələrin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın və Ali Xalq Məhkəməsinin sədrlərini, baş prokuroru seçir, Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir.
Rəsmi olmayan məlumatlara görə, ötən ilin oktyabrında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü müddətə Baş katibi seçilən Si Cinpinin yenidən ÇXR Sədri postuna yeganə namizəd olacağı gözlənilir. Qanunvericiliyə əsasən, bu vəzifəyə namizədləri Xalq Nümayəndələri Yığıncağının rəyasət heyəti nümayəndələrlə müzakirələr əsasında müəyyənləşdirir. ÇXR Sədri vəzifəsinə namizəd adətən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi olur.
Qeyd edək ki, Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncağın hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə adətən martın əvvəlində keçirilir. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Misirlə sərhəddə İsrailin 3 əsgəri öldürülüb
Hindistanda qatar qəzasında ölənlərin sayı 290-a çatıb
Türkiyə NATO-nun xahişi ilə Kosovoya komando taboru göndərəcək