×
A
A
A
Sazlamalar

Qırğızıstanda Azərbaycan təcrübəsinə əsaslanan qida təhlükəsizliyi sistemi qurmaq istəyirlər

Bakı, 4 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar onların diqqətinə çatdırılıb.
Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, respublikamızda bu sahədə əldə olunan müsbət təcrübədən bəhs olunub. B.Torobayev ölkəmizdə qida təhlükəsizliyi sahəsində qurulan vahid sistemi öyrənmək istədiklərini bildirib. Eyni zamanda Azərbaycan təcrübəsinə əsaslanaraq Qırğızıstanda qida təhlükəsizliyi sistemini qurmaq fikrində olduqlarını vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri qeyd edib ki, bununla əlaqədar əldə olunmuş təcrübə mübadiləsinin aparılması və gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Belə ki, Azərbaycanın təcrübəsinə əsaslanaraq qida təhlükəsizliyi sistemini tətbiq etmək məqsədilə Qırğız Respublikası tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan yararlanmaq məsələsi nəzərdən keçirilir. Eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsindən istifadə etməklə, müvafiq laboratoriyaların gələcəkdə Qırğız Respublikasında qurulması diqqət mərkəzindədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində nümayəndə heyətinə Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti və əldə olunmuş bir sıra uğurlarla əlaqədar mütəxəssislər tərəfindən təqdimatlar edilib.
Qeyd edək ki, B.Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti keçən ilin avqust ayında da Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında olub.

Sosial 2023-03-04 10:14:00