×
A
A
A
Sazlamalar

İndoneziyada yanacaq anbarında baş verən yanğında azı 17 nəfər ölüb VİDEO

Bakı, 4 mart, AZƏRTAC

İndoneziyanın paytaxtında yanacaq anbarında baş verən yanğın azı 17 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Cakartanın yanğınsöndürmə və xilasetmə departamenti məlumat yayıb.
Yanğın Şimali Cakartanın Tanah Merah məhəlləsində əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən dövlət neft və qaz şirkəti “Pertamina” tərəfindən idarə olunan “Plumpang” yanacaq anbarında baş verib.
“İlkin araşdırmaya görə, yanğın güclü yağış zamanı ola bilsin ki, ildırım düşməsi nəticəsində boru kəmərinin partlamasından baş verib”, - deyə “Pertamina”nın əməkdaşı Eko Kristiawan bildirib. O deyib ki, yanğın ölkənin yanacaq təchizatını pozmayacaq.
Cakarta qubernatorunun səlahiyyətlərini icra edən Heru Budi Hartono 600-ə yaxın insanın müvəqqəti sığınacaqlara yerləşdirildiyini deyib.
Paytaxtın yanğınsöndürmə və xilasetmə departamentinin rəhbəri Satriadi Qunavan iki uşaq da daxil olmaqla, ən azı 17 nəfərin öldüyünü, 50 nəfərin xəstəxanaya yerləşdirildiyini, bəzilərinin ağır yanıq xəsarətləri aldığını bildirib. “Yanğın bir neçə partlayışa səbəb oldu və tez bir zamanda evlərə keçdi”, - deyə o qeyd edib.

Dünya 2023-03-04 09:11:00

Video