×
A
A
A
Sazlamalar

Ötən ilin dekabrında “Twitter”in qazancı 40 faiz azalıb

Bakı, 4 mart, AZƏRTAC

Reklam şirkətlərinin əməkdaşlıqdan imtina etməsi səbəbindən 2022-ci ilin dekabrında ABŞ-nin “Twitter” kompaniyasının qazancı öncəki ilin analoji dövrü ilə müqayisədə təxminən 40 faiz aşağı düşüb.
AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, bunu sərmayəçilərə kompaniyanın rəhbərliyi bildirib. İlon Mask 2022-ci ilin oktyabrında satın alındıqdan sonra “Twitter” özəl şirkətlər kateqoriyasına keçib və artıq maliyyə hesabatı dərc etmir.
CNN telekompaniyasının məlumatına görə, İlon Maskın siyasəti ilə razılaşmayan reklam şirkətlərinin yarıdan çoxu kompaniya ilə əməkdaşlığı dayandırıb. 2022-ci ilin oktyabrından cari il yanvarın 25-nə qədər “Twitter”in aylıq reklam gəliri 60 faizdən çox azalaraq 127 milyon dollardan 48 milyon dollara enib.
Qeyd edək ki, 2022-ci il oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkəyə malik “Twitter” kompaniyasını 44 milyard dollara satın alıb. O, kompaniyaya yiyələndikdən dərhal sonra baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Siqal da daxil olmaqla, yüksəkvəzifəli əməkdaşları işdən çıxarıb və direktorlar şurasını ləğv edib.

Dünya 2023-03-04 08:01:00