×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Beyləqan, 3 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayon Heydər Əliyev Mərkəzində 1918-ci il azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzinin və Quba şəhərində Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıblar. Bildirilib ki, 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğında 20 minə yaxın günahsız insan, o cümlədən qocalar, uşaqlar və qadınlar qətlə yetirilib. Aprelin 2-də davam edən kütləvi qətlləri Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri həyata keçirib. Müsəlman ziyarətgahları yandırılıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə olunub. Qətliam zamanı Təzə pir məscidi top atəşinə tutulub, Azərbaycanın memarlıq incilərindən sayılan “İsmailiyyə” binası yandırılıb.
Soyqırımı təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı, o cümlədən 2560 qadın və 1277 uşaq qətlə yetirilib. Qubanın 162 kəndində öldürülən günahsız insanların sayı 16 mindən çox olub. Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırılıb, on minlərlə insan vəhşicəsinə qətlə yetirilib.
Bildirilib ki, azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olan bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqazda xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.
Ötən dövr ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir.
Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı haqqında sənədli film nümayiş olunub və iştirakçılara Quba Soyqırımı Memorial Kompleksinin bukletləri paylanılıb.

 

Regionlar 2023-03-03 23:25:00