×
A
A
A
Sazlamalar

Bərdədə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 3 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Yeni Əyricə kəndində fiziki şəxs Fəttahov Məhərrəm Yahya oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Sosial 2023-03-03 12:30:00