×
A
A
A
Sazlamalar

Qırğızıstanın Baytarlıq Xidmətinin nümayəndəsi Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə tanış olub

Bakı, 3 mart, AZƏRTAC

Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidmətinin müdir müavini Bakıt Şarapov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaq ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilən uğurlar diqqətə çatdırılıb.
Görüşdən sonra B.Şarapov institutun nəzdində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyasına, Kompleks Tədqiqatlar Laboratoriyasına və Milli Referens Laboratoriyasına baxış keçirib. O, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Sosial 2023-03-03 10:31:00