×
A
A
A
Sazlamalar

Azərbaycan çempionatı: “Azərreyl” komandası “Murov”a qalib gəlib

Bakı, 2 mart, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IV dövrəyə start verilib.
AZƏRTAC xəbər verir ki, onuncu turun ilk matçında “Azərreyl” və “Murov” komandaları arasında olub. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:18 hesabı ilə “Azərreyl” qalib gəlib. İkinci setdə toparlanan “Murov” 25:23 hesabı ilə rəqibini məğlub edərək ümumi hesabı bərabərləşdirib - 1:1. Üçüncü set isə “Azərreyl”in xeyrinə başa çatıb - 25:18. Matçın dördüncü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq qalib olub (15:10) və görüşün hesabını rəsmiləşdirib - 3:2.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan X turun son qarşılaşması “Abşeron” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib üç setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10 hesabı ilə qalib gələrək aktivinə üç xal yazdırıb və ikinci pilləyə yüksəlib.
Onuncu turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var.
Cədvəldə sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

İdman 2023-03-02 21:46:00