×
A
A
A
Sazlamalar

Kanadanın Edmonton şəhərində 26 fevral tarixi “Xocalının Anım Günü” elan edilib

Bakı, 2 mart, AZƏRTAC

Kanadanın Alberta əyalətinin paytaxtı Edmonton şəhərində 26 fevral tarixi “Xocalının Anım Günü” elan edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Edmonton şəhərinin meri Amarcit Sohinin bu barədə imzaladığı bəyannamədə bildirilib ki, Kanadada yaşayan 100 min azərbaycanlı, o cümlədən Azərbaycan əsilli edmontonlular fevralın 26-da Xocalı qətliamının 31-ci ildönümünü qeyd edirlər.
Diqqətə çatdırılıb ki, bu faciə zamanı yüzlərlə insan həyatını itirib, minlərlə insan yaralanıb və ya əsir götürülüb: “Biz onların əzablarını heç vaxt unutmamalı və ya inkar etməməliyik, əksinə insan hüquqlarını qorumağı, zülmün, ayrı-seçkiliyin və nifrətin kökünü kəsməyi öyrənməliyik. Şəhərimiz Edmonton mədəni mozaikadan qaynaqlanan etnik icmaların müxtəlif təcrübələri vasitəsilə daha da güclənir və biz şəhərimizdə irqçilik və ayrı-seçkiliklə mübarizə aparmağa davam edəcəyik”.
Bütün bunları əsas götürdüyünü vurğulayan mer Amarcit Sohi bəyan edib ki, Albertanın paytaxtı Edmontonda 26 fevral tarixini “Xocalının Anım Günü” elan edir.

Xocalı faciəsi 2023-03-02 20:08:00