×
A
A
A
Sazlamalar

“Bakı Metropoliteni” stansiyalarında təlimlər keçirilib

Bakı, 2 mart, AZƏRTAC

“Bakı Metropoliteni”nin elektrik depoları və stansiyalarda Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar təlimlər keçirilib və söhbətlər aparılıb.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, gün ərzində keçirilən tədbirlərdə işçilərin mülki müdafiə biliklərinin, məlumat bazasının artırılması məqsədilə slaydlardan geniş istifadə olunub.
Qeyd edək ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu tarix hər il kütləvi humanitar tədbir kimi ölkəmizdə qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə üzv olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti”dir.
Əlamətdar günün yekun tədbiri idarə aparatında təşkil edilib. Tədbirdə ilin əsas mövzusu, eləcə də metropolitendə dövrü olaraq mülki müdafiə məqsədli tədbirlərlə bağlı məlumat səsləndirilib. Fövqəladə Hallar Nazirliyinin tövsiyələri, eləcə də “Bakı Metropoliteni”nin və iki qurum arasında müvafiq qarşılıqlı təlimatlar əsasında görülən işlər, tədbirlərin əhəmiyyəti, məram və məqsədi ətrafında geniş müzakirə aparılıb. Xüsusiyyətlərinə uyğun olaraq, məsələnin metropoliten üçün aktuallığı nəzərə alınmaqla, fəaliyyətə qiymət verilib.
Bu əlamətdar günün keçirilməsində əsas məqsəd işçilərin diqqətini mülki müdafiənin vacibliyinə və həyati əhəmiyyətinə cəlb etməkdir.

Nəqliyyat 2023-03-02 16:02:00