×
A
A
A
Sazlamalar

“Kənddən Şəhərə” həftəsonu yarmarkalarına 50 rayondan məhsullar çıxarılacaq

Bakı, 2 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən martın 4-5-də paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, budəfəki yarmarkalarda 50 rayondan 72 fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar məhsulların keyfiyyət göstəriciləri ilə tanış olmaq üçün yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda təşkil olunacaq:
-Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı);
-Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).

Kənd təsərrüfatı 2023-03-02 10:04:08