×
A
A
A
Sazlamalar

Maştağada qanunvericiliyin tələblərini pozan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 1 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 42B ünvanında fiziki şəxs Hüseynov Ramiz Məcnun oğluna məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi aşkar edilib.
Eyni zamanda quru xammalların saxlanılması anbarında üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış ümumi çəkisi 29,7 kiloqram quru xammallar, hazır məhsullar saxlanılan soyuducu kamerada üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış süd məhsulları müəyyən edilib. Eyni zamanda məhsullara dair etiketlərə baxış keçirilərkən məhsulların tərkibinə əlavə edilən bütün xammallar barədə məlumatların əks olunmadığı məlum olub.
Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına təqdim edilib.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Sosial 2023-03-01 14:52:00