×
A
A
A
Sazlamalar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Uğur” ustad dərsləri layihəsi çərçivəsində növbəti görüş olub

Bakı, 1 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Uğur” ustad dərsləri layihəsi çərçivəsində tanınmış aktyor və aparıcı Azər Aydəmir və Rövşən Məmmədli ilə görüş keçirlib.
AZƏRTAC xəbər verir ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi görüşdə Azər Aydəmir və Rövşən Məmmədli Mərkəzin benefisiarları olan şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, digər həssas qruplarla öz uğur hekayələrini bölüşüblər.
Agentlikdə təcrübə keçən tələbələrin də iştirak etdiyi görüşdə aktyor, həmçinin ssenaristi və rol ifaçısı olduğu “Əqrəb mövsümü” teleserialının maraqlı məqamlarından bəhs edib.
Maraqlı müzakirələr, sualların cavablandırılması ilə davam edən görüş iştirakçılara peşəkar tövsiyələrin verilməsi ilə yekunlaşıb.
Sayca üçüncü dəfə təşkil olunan “Uğur” ustad dərslərinin bu dəfəki təqdimatı da rəmzi olaraq “Uğur mövsümü” adlandırılıb.
Layihənin məqsədi müxtəlif sahələrdə uğur qazanmış insanların Mərkəzdə təlim keçən həssas qruplardan olan şəxslərlə görüşlərini təşkil etməklə həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaqdır.
“Uğur” ustad dərsləri layihəsinin davamlı olaraq təşkil olunması nəzərdə tutulub.

Sosial 2023-03-01 13:05:00