Energetika Nazirliyində kollegiya iclası keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Energetika Nazirliyinin ötən il görülmüş işlərə və bu il qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş hibrid formatda kollegiya iclası keçirilib.
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda kollegiya üzvləri, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika sahəsində aparılan islahatların davam etdiyini qeyd edən kollegiya sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb. İslahatlar çərçivəsində enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin də inkişaf etdirildiyi bildirilib. Bu istiqamətdə xarici dövlətlərlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində birgə hökumətlərarası komissiyaların rolu vurğulanıb. Eyni zamanda, fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirliyin struktur bölmələri və tabeli qurumlar qarşısında qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunmasının əhəmiyyəti qeyd edilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, energetika nazirinin həmsədr olduğu hökumətlərarası komissiyaların fəaliyyətləri haqqında təqdimat dinlənilib. Ötən dövrdə keçirilmiş hökumətlərarası komissiyaların iclasları və komissiyalar çərçivəsində görülmüş tədbirlər barədə məlumat verilib, bu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan iclaslarla bağlı görülən işlər diqqətə çatdırılıb.
Daha sonra 2022-ci ildə Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair məruzə edilib, inzibati xətalar, icazələrin verilməsi, nazirlikdə və regionlarda vətəndaşların qəbulu və müraciətlərə baxılmanın vəziyyəti, nazirliyin ötən il üzrə İş planında nəzərdə tutulmuş tapşırıqların icrası, eləcə də Prezidentin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.
Yekunda kollegiya sədri cari ildə görüləcək tədbirlər, atılacaq addımlar və qarşıda duran vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir