×
A
A
A
Sazlamalar

İribuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı vaksinlənir

İmişli, 1 mart, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılır. Yaxın günlərdə proses başa çatdıqdan sonra digər vaksinasiya işlərinə başlanılacaq.
Rayon Heyvan Sağlamlıq Baytarlıq xidmətləri idarəsinin özəl baytarlarla iş şöbəsinin şöbə müdiri Mehman Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilin əvvəlindən başlayaraq iribuynuzlu heyvanlar və təkdırnaqlı ev heyvanları arasında qarayara xəstəliyinə qarşı, xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı, ev itləri arasında isə quduzluğa qarşı vaksinləmə aparılıb. Fevralın 1-dən isə fərdi və iri fermer təsərrüfatlarında iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə işlərinə start verilib. Artıq bir sıra təsərrüfatlarda vaksinləmə işləri başa çatdırılıb.
Təsərrüfatyanı sahələr, həmçinin heyvan yataqlarında dezinfeksiya və dezinseksiya işləri də görülür. Vətəndaşların müraciəti nəzərə alınaraq xüsusi çiləyici aqreqat avtomaşını vasitəsi ilə və çiləyici aparatlarla müxtəlif təsərrüfatlarda işlər növbəli olaraq həyata keçirilir.
Epizootik plana uyğun olaraq növbəti aylarda iribuynuzlu heyvanlarda nodulyardermatitə, xırdabuynuzlu heyvanlar arasında isə dabaq və qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılacaq.
Hazırda rayon üzrə epizootik vəziyyət stabildir.

Kənd təsərrüfatı 2023-03-01 11:08:37