×
A
A
A
Sazlamalar

Aktaudakı diasporumuz Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib

Bakı, 1 mart, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan birlik sədri Şəmsəddin Hüseynov XX əsrin sonlarında dünyanın gözü qarşısında erməni hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Azərbaycan xalqının Xocalı faciəsini heç vaxt unutmayacağını, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsini və bu dəhşətli faciəni törədən erməni cəlladlarının cəzalandırılmasını tələb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri Xocalı soyqırımıdır. O, belə ağır gündə Azərbaycan icması ilə bir araya gəldikləri, kədərimizi bölüşdükləri üçün digər icmaların nümayəndələrinə minnətdarlığını bildirib.
Tatar, özbək və çeçen diasporlarının sədrləri çıxış edərək, bu dəhşətli faciənin baiskarlarını hiddətlə qınadıqlarını bəyan ediblər.
Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Xocalı faciəsi 2023-03-01 10:52:00