×
A
A
A
Sazlamalar

Bu il Formula 1 Azərbaycan Qran Prisinə media mənsublarının akkreditasiyasına qeydiyyat bitmək üzrədir

Bakı, 28 fevral, AZƏRTAC
Aprelin 28-30-dək paytaxtımızda sayca yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına qeydiyyatın bitməsinə 10 gün qalır.
AZƏRTAC xəbər verir ki, fevralın 1-də başlamış qeydiyyat prosesi martın 10-u saat 15:00-da yekunlaşacaq.
Bu səbəbdən yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti builki Azərbaycan Qran-Prisini mediada işıqlandırmaq istəyən media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə səsləyir.
Yerli media nümayəndələri Bakı Şəhər Halqasının rəsmi veb-səhifəsini ziyarət edib buradakı müvafiq formanı dolduraraq tələb olunan sənədləri sistemə yükləyib onlayn şəkildə müraciət etməlidir. Natamam və ya 10 mart tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Qeyd edək ki, bu il Formula 1 çempionatı çərçivəsində təşkil olunan bütün yarışlarda media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən aparılır. Yerli media nümayəndələrinin qeydiyyat prosesi isə Bakı Şəhər Halqası tərəfindən icra olunur.
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+994) 55 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.

İdman 2023-02-28 18:45:00