×
A
A
A
Sazlamalar

Ural Dövlət Konservatoriyasının Kamera Orkestri Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş gecədə iştirak edib

Yekaterinburq, 28 fevral, AZƏRTAC

Fevralın 27-də Yekaterinburqda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Ural Dövlət Konservatoriyasının Kamera Orkestrinin müşayiətilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan-Ural” İctimai Milli Mədəni Təşkilatının təşkilatçılığı və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun, habelə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım gecəsində Yekaterinburqda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, digər xalqların diaspor sədrləri və soydaşlarımız iştirak ediblər.
Tədbir iştirakçıları foyedə Xocalı soyqırımı ilə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Gecə soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
“Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu v.i.e Şöhrət Mustafayev, Ural Federal Universitetinin professoru, azərbaycanşünaslıq kafedrasının müdiri Aleksandr Nesterev, Azərbaycan diasporunun fəalları çıxış edərək Xocalı soyqırımının tarixi və hüquqi aspektlərindən danışıb, erməni terrorizmini pisləyiblər. Natiqlər Xocalı soyqırımında günahkarların cəzalandırılmasını, habelə Xocalıda baş verənlərin soyqırımı aktı kimi qəbul edilərək beynəlxalq hüquqi qiymətin veriləcəyi günü səbirsizliklə gözlədiklərini qeyd ediblər.
Çıxışlardan sonra Oleq Qayumovun dirijorluğu ilə Ural Dövlət Konservatoriyasının Kamera Orkestri Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərlərini ifa edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq

Xocalı faciəsi 2023-02-28 13:24:00