×
A
A
A
Sazlamalar

Azərbaycan və Rumıniya “yaşıl enerji”nin Qara dəniz vasitəsilə Avropaya tranzit imkanlarını müzakirə ediblər

Bakı, 28 fevral, AZƏRTAC

Energetika Nazirliyində Rumıniya Hökumətinin Baş katibi Marian Neacşunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir müavini Samir Vəliyev görüşdə Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib və enerji sahəsində gündəliyin geniş olduğunu vurğulayıb. Təbii qaz, elektrik enerjisi, xüsusilə bərpa olunan enerji səhəsində əməkdaşlıq imkanları barədə danışıb.
Ötən ilin dekabrında Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 4 ölkənin nazirləri arasında baş tutmuş ilk iclasda qəbul edilmiş qərarlardan irəli gələn məsələlər nəzərdən keçirilib, yaşıl enerjinin Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya tranziti məsələləri ətrafında müzakirələr aparılıb.
Ənənəvi və bərpa olunan enerji sahəsi ilə yanaşı, enerji səmərəliliyi və enerji məsələlərinin tənzimləməsi kimi istiqamətlərdə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndləri iştirak ediblər.

 

Energetika 2023-02-28 11:10:00