×
A
A
A
Sazlamalar

Malayziya saytında Xocalı soyqırımı barədə məqalə yerləşdirilib

Pekin, 28 fevral, AZƏRTAC

Malayziyanın ali dövlət yayım qurumu olan Radio-Televiziya Departamentinin internet səhifəsində Xocalı soyqırımı barədə geniş məqalə dərc edilib.
Azərbaycanın Malayziyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müstəqil tədqiqatçı Asmahan Razak tərəfindən malay dilində qələmə alınmış “Xocalıdakı faciə: bəşər və dünya tarixinə bələdçi” sərlövhəli məqalədə müəllif tarix boyu müharibələrin, silahlı qarşıdurmaların, zorakılığın bəşəriyyətə daim bədbəxtlik, ağrı-acı, böhran gətirdiyini qeyd edərək, Xocalı soyqırımını bu səpkidə təhlil edir. O, əvvəlcə keçmiş Sovet İttifaqının süqutundan bir neçə il əvvəl ermənilərin Azərbaycana qarşı başladığı ərazi iddiası barədə tarixi qeydlər verir, münaqişənin növbəti fazası kimi 1992-ci ilin fevralında Xocalıda əliyalın, günahsız, mülki azərbaycanlıların silahlı ermənilər tərəfindən qəddarlıqla qətlə yetirildiyini vurğulayır.
Malayziyalı tədqiqatçı bildirir ki, Xocalıda baş verən dəhşətli hadisələr, əslində, həmin tarixə qədər son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin davamı idi. O, Xocalıda qətlə yetirilən qadınlar, uşaqlar, yaşlılar barədə məlumat verərək, bu qanlı terror aktının həmin dəhşətlərdən canını qurtarmağa nail olmuş 2000 şahidin əsaslı ifadələri ilə sübuta yetirildiyini yazır. Müəllif canlı şahidlərin ifadələri əsasında oxuculara qətliamın baş verdiyi anlardan epik mənzərələr təqdim edir, mərmi yağışı altında həyat mübarizəsi aparan sadə azərbaycanlıların qorxu və xilas olmaq hisslərini təsvir edir.
Tədqiqatçı A.Razak məqalədə “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə də söz açır, bu kampaniyanın dünya ictimaiyyətinin maarifləndirilməsində əvəzsiz rol oynadığını bildirir. O, bu qətliamı törədənlərin layiqli cavablarını almasında böyük dövlətlərin üzərinə məsuliyyət düşdüyünü ifadə edərək, yalnız bu yolla belə soyqırımların qarşısının alına biləcəyini vurğulayır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Qan yaddaşı 2023-02-28 07:51:00