Xabarovskda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Moskva, 27 fevral, AZƏRTAC
Rusiya Federasiyasının Xabarovsk diyarında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də “Azərbaycanlıların birliyi” Xabarovsk diyar ictimai təşkilatı Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir təşkil edib.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Azərbaycanlıların birliyi” Xabarovsk diyar ictimai təşkilatının sədri Məmməd İsgəndərov 1992-ci il fevralın 26-da baş vermiş faciəli hadisələrdən bəhs edib. O qeyd edib ki, erməni quldur dəstələri qadın, uşaq və qocalara aman vermədən Xocalı şəhərinin dinc sakinlərinə vəhşicəsinə divan tutublar. Natiq əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsini öz gücü ilə həll edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bir yumruq ətrafında birləşən dünya azərbaycanlıları sübut etdilər ki, Azərbaycan həqiqət, ədalət, öz ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparır.
Anım mərasimində çıxış edən diaspor fəalları Əhəd Əhədov, Əli Məmmədov, Əli Əbilhəsənov, Hafiz Məmmədov vurğulayıblar ki, Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini əbədi yaşadacaq. Onlar faciə barədə informasiyaların gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər. Kadet məktəbinin 8-ci sinif şagirdi Nurlan Sadıxov Xocalıya həsr olunmuş şeir söyləyib.
Tədbirdə Xocalı faciəsini əks etdirən videoçarx və fotoşəkillər nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir