×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Bu il Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev yığmamızın hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, milli voleybolçular, məşqçilər və həkimlərlə görüşüb.
Toplantıda voleybolçuların Azərbaycan birinciliyindəki çıxışları və Avropa çempionatına hazırlıq prosesinə dair müzakirələr aparılıb.
Faiq Qarayev çıxış edərək bildirib ki, milli komandamızın əksər oyunçuları ölkə xaricində oynayırlar. Yığmanın hazırlıq prosesinin başlanmasına az vaxt qaldığını deyən təcrübəli mütəxəssis hazırda burada olan oyunçularımızın fiziki formalarının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb: “Ölkə xaricində olan qızlarımızla əlaqə saxlayırıq, onların oyunlarını da yaxından izləyirik. Bakıda olan oyunçularımızın da fiziki hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq. Bunun üçün indidən tam heyətlə olmasa da məşqlərə başlamağı düşünürük. Mayda isə qızlarımız hamısı ölkəyə qayıdanda məşqlərimizi daha ciddi keçəcəyik. Hazırlıq prosesi çərçivəsində təlimlər, turnirlər nəzərdə tuturuq. Məqsədimiz millinin üzvlərinin hamısının bir arada toplanacağı vaxt hər kəsin tam oyun formasında olmasıdır. Məşqçilərimiz və voleybolçularımızın üzərinə çox böyük vəzifə düşür. Həkimlərimiz hər zaman oyunçularla maraqlanmalıdır, çəki ilə bağlı problem və digər çətinliklər olmamalıdır. Qızlarımızın həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaları vacibdir”.
Faiq Qarayev oyunçular arasında sağlam rəqabətə də diqqət çəkib: “Oyunçularımız arasında sağlam rəqabət olmalıdır. Hər bir idmançı öz üzərində ciddi çalışmalıdır ki, millinin heyətində əsas 14-lükdə yer ala bilsin. Bütün bu sadalananlar olarsa, Avropa çempionatında uğurlu çıxış edə bilərik. Bu gün əsas məqsədimiz düzgün məşq qrafiki və oyunçuların fiziki hazırlıqlarının artırılmasıdır”.
Sonra məşqçilər, həkimlər və voleybolçular komandanın hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il avqustun15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı “C” qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib. Bu gündən başlanan məşqlərdə yığmamızın əsas heyətinin hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, həmçinin digər milli oyunçular iştirak edirlər. Məşqlərin həftədə 4-5 gün keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, millinin baş məşqçisi məsələsinə ölkə çempionatı bitdikdən sonra baxılacaq. Bu səbəbdən indiki hazırlıq prosesi Faiq Qarayevin nəzarətində yerli məşqçilər tərəfindən keçirilir.

İdman 2023-02-27 20:32:00