×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində silsilə tədbirlər təşkil olunub

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Macarıstan, Estoniya, Avstriya və ABŞ-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin açılışında bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.
Budapeşt Azərbaycan Evində keçirilən tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilib. Budapeşt Azərbaycan Evinin rəhbəri Qarabağ münaqişəsinin tarixindən söz açıb və “Gələcəkdə dünyada soyqırımların qarşısının alınmasında gənclərin rolu” mövzusunda iştirakçıları müzakirəyə cəlb edib.
Tədbirdə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktor müavini Şahin Camalov gənclərə soyqırımların qarşısının alınmasında beynəlxalq hüquq normaları barədə məlumat verib və gənclərin suallarını cavablandırıb.
Həmçinin Estoniyanın Tartu və Tallin şəhərlərində ASAP tərəfindən Xocalı faciəsinə həsr edilmiş anım tədbirləri keçirilib. Anım tədbirlərində iştirak edən xarici ölkələrin tələbələrinə Xocalı soyqırımı ilə bağlı məlumat verilib. Daha sonra isə Xocalı həqiqətlərini özündə əks etdirən “Sonsuz dəhliz” filmi nümayiş olunub. Sonda izləyicilərlə birgə filmlə bağlı müzakirələr aparılıb.
ABŞ-nin Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. ASAP ABŞ-nin fəal üzvü Günay Məmmədova tədbirdə çıxış edib. Tədbir Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı həqiqətlərin dünyaya çatdırılması, bölgədəki sülh prosesinə diqqətin cəlb olunması məqsədi ilə keçirilib.
Avstriyanın Vyana şəhərində isə Azərbaycan Respublikası Diaspor Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada, Almaniyada və Macarıstanda fəaliyyət göstərən ASAP komandaları tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumat verilib, onların sualları cavablandırılıb.

Xocalı faciəsi 2023-02-27 19:32:00