×
A
A
A
Sazlamalar

Xocalı sakini: Vəhşicəsinə öldürülən dinc sakinlərin naləsi indi də qulaqlarımdan getmir

Bakı, 27 fevral, AZƏRTAC
Dəhşətli qətliamdan 31 il ötməsinə baxmayaraq, bir gecədə məhv edilən şəhərin görüntüləri gözlərimin önündən, vəhşicəsinə öldürülən əliyalın, dinc sakinlərin ərşə yüksələn naləsi qulaqlarımdan getmir. Həmin müdhiş hadisələr indi də hafizəmdədir. Qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov da Xocalı döyüşlərində qəhrəmancasına həlak olub.
Bunu Xocalı sakini, Bakıda fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Fiqurə Rüstəmova AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının və o cümlədən qardaşının xatirəsini yad etmək üçün hər il fevralın 26-da Şəhidlər xiyabanına gələn əslən Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova qeyd edib ki, Xocalı rayon statusu aldıqdan sonra burada özünümüdafiə batalyonu yaradılıb: “Batalyona ilk yazılan könüllü kəşfiyyatçılardan biri də qardaşım olub. Xocalıda dəmiryolu, aeroport vardı. Gənclərimiz gecədən səhərədək səngərdə keşik çəkirdilər. Özünümüdafiə batalyonumuz Xocalı sakinləri üçün silah gətirirdi ki, düşmənə qarşı müqavimət göstərə bilsinlər”.
Qürur hissi ilə qardaşından bəhs edən F.Rüstəmova deyib ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülən Füzuli Rüstəmov igid, qorxmaz, ölümün gözünə dik baxan əsl qəhrəman olub: “Qardaşım kəndin düşməndən müdafiəsi üçün əlindən gələni etdi və qəhrəmancasına şəhid oldu. Füzuli Milli Qəhrəman adına layiq oğlan idi. Uşaqlıqdan idmanla məşğul olan Füzuli məktəb yarışlarında daim qaçış üzrə birinci yeri tutardı.
1992-ci il fevralın 16-da ermənilər Qarabağ ətrafında olan işğal olunmuş sonuncu kənd - Malıbəyə hücum ediblər. Həmin gecə Xocalıdan 10 nəfərdən ibarət qrup təşkil edilib ki, ermənilərin diqqəti başqa tərəfə yönəlsin və Malıbəy sakinləri oradan sağ-salamat çıxsınlar. Şəhidlərimiz, yaralılarımızın hesabına insanlar kənddən çıxa biliblər. Füzuli Rüstəmovun xüsusilə bir döyüşçü və bələdçi olaraq Xocalı soyqırımı gecəsi çoxsaylı xocalılını düşmən caynağından xilas edərək Ağdamın Şelli kəndinə gətirib çıxarması, özünün isə dördüncü dəfə bələdçiliyə qayıdarkən düşmən gülləsinə tuş gələrək şəhid olduğu barədə faktlar xalqımızın tarixində örnək kimi yaşayacaq. Füzuli həm də döyüş yoldaşları üçün etibarlı dost olub”.
Şəhidlərimizin qanlarının yerdə qalmadığını söyləyən F.Rüstəmova deyib ki, düşmən tərəfindən zəbt olunmuş torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət, qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti nəticəsində azad edildi, Xocalı qurbanlarının qisası alındı: “Bu gün sevinirik ki, biz doğma yurd-yuvamıza qayıdacağıq. Torpaqlarımız azad olunduqdan sonra Bakıdakı Şəhidlər xiyabanını və daha sonra isə Tərtərə gedərək qardaşımın qəbrini ziyarət etdim. Qəbiri üzərində dedim ki, torpaqlarımız azad olundu, siz məzarlarınızda rahat uyuya bilərsiniz”.
Füzulinin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Şəhid bacısı bildirib ki, qardaşının arzuları bu gün onun haqqında yazılmış kitabda da əksini tapıb. “İgid ömrü” adlı kitabda onun vətənpərvərlik dolu qısa və mənalı həyatından, döyüş yolundan və misilsiz qəhrəmanlığından və şücaətindən bəhs edilir: “Nəşrdə qəhrəmanın doğmalarının, döyüş yoldaşlarının və xocalılıların onun təkrarsız igidlikləri barədə xatirələrindən, öz yurdu uğrunda verdiyi mücadilələrdən söhbət açılır. “İgid ömrü” Qarabağ savaşımız haqqında dəyərli bir vəsaitdir. Kitabda, həmçinin Füzulinin uğrunda həyatını qurban verdiyi Xocalı barədə həqiqətlərin bir hissəsi, şəhərin müdafiəsi ilə bağlı faktlar da oxucuların diqqətinə çatdırılır”.
F.Rüstəmova qeyd edib ki, Milli qəhrəmanların, ümumən bütün şəhidlərimizin həyatı, döyüş yolu araşdırılmalı və kitablaşdırılmalıdır. “Çünki onların döyüş yolu Azərbaycanın qəhrəmanlıq salnaməsidir. Vətənimizin ərazi bütövlüyü yolunda şəhid olan hər bir Vətən övladının ruhu xalqımız üçün əzizdir, bu torpağın üstünə tökülən şəhid qanı müqəddəsdir. Bu gözəl bir türk kəlamı var: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur”.
Xocalı faciəsi Azərbaycanın taleyində birinci belə hadisə deyil. Hansı xalq unutqandırsa, onun faciəsi çox olur. Biz baş verənlərdən nəticə çıxarmalı, ermənilərin başımıza gətirdiklərini unutmamalıyıq”, - deyə Xocalı sakini vurğulayıb.

Cəmiyyət 2023-02-27 18:57:00