Meyvəçilik və Çayçılıq ETİ-də toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq
Quba, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İnstitutdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran şəxslərə Meyvəçilik və Çayçılıq ETİ-nin əməkdaşları tərəfindən “Peşə təhsili müəssisəsi”nin müəyyən etdiyi qaydada təlim-tədris dərslərinin keçirilməsi və maarifləndirilməsi nəzərdə tutulub. “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşəsinin mənimsənilməsi sahəsində keçiriləcək təlim-tədris dərsləri “Peşə fəaliyyətinin ümumi əsasları”, “İxtisas modulları” və “Yekun qiymətləndirmə” mövzularını əhatə edəcək.
İlkin mərhələdə kursa cəlb edilmək üçün 12 müdavim seçilib. Onlara 2 ay müddətində yeni hazırlanmış təlim modulundan istifadə edilməklə dərslər keçiriləcək.
Kursun ilk günündə müdavimlərə kurs haqqında ümumi məlumat, nəzəri və praktiki dərslərin ardıcıllığı, davamiyyət, təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Müdavimlər praktiki dərslərin keçiriləcəyi laboratoriya, iqlim otaqları və istixana ilə tanış olublar.
Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə Meyvəçilik və Çayçılıq ETİ və Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə sertifikatları təqdim ediləcək və fərqlənən müdavimlər işlə təmin olunacaqlar.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb