×
A
A
A
Sazlamalar

Əlcəzair qəzeti Azərbaycan diplomatının Xocalı soyqırımı haqqında məqaləsini dərc edib

Bakı, 27 fevral, AZƏRTAC

Əlcəzairin “Əl Hivar” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin Xocalı soyqırımı haqqında geniş məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə erməni silahlı dəstələrinin 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşi qırğınlar barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, bu soyqırımı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasətinin tərkib hissəsi idi və günahsız insanlara qarşı misli görünməmiş ağır cinayətə görə işğalçı ölkənin o vaxt iqtidarda olan siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın digər şəhərlərində də mülki əhaliyə qarşı ağır cinayətlər törədib, ərazimizin 20 faizini işğal edib, 20 mindən çox insan qətlə yetirilib. İşğalçı ölkə 30 ilə yaxın davam edən danışıqlar prosesində BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrini yerinə yetirməyib, nəhayət, 2020-ci il sentyabrın 27-də Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində buna məcbur edilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz gücü ilə BMT TŞ-nin qətnamələrini icra edib və ərazi bütövlüyünü bərpa edib. Ermənistan silahlı qüvvələri həmin müharibə zamanı da Azərbaycanın Bərdə, Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərində mülki əhalini hədəf alıb, yaşayış məntəqələrini ağır silahlardan və artilleriyadan atəşə tutub.
“Azərbaycan uzun illərdir ki, bütün dünyada “Xocalıya ədalət!” kampaniyası aparır və xalqımız bu soyqırımını törədən canilərin öz layiqli cəzalarına çatmasını tələb edir”, -deyə məqalənin sonunda qeyd olunub.

Xocalı faciəsi 2023-02-27 17:03:00