×
A
A
A
Sazlamalar

Dneprdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kiyev, 27 fevral, AZƏRTAC

Dnepropetrovsk vilayəti Azərbaycanlıları Liqası Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, anım tədbirindən əvvəl iştirakçılar Xocalı soyqırımı ilə bağlı faktları təsdiqləyən fotoşəkillər və sənədli sübutlar, habelə Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətləri əks etdirən kitab və bukletlərlə tanış olublar. Diqqətə çatdırılıb ki, bu materiallar Azərbaycan həqiqətlərini, xüsusilə də Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dərc edilib. Qarabağ münaqişəsi ilə bağlı Ukrayna dilində təqdim olunan nəşrlər xüsusi maraq doğurub.
Anım mərasimində çıxış edən Liqanın sədri Sərxoş İsmayılov bildirib ki, bu tədbirlər ictimaiyyəti təkcə Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədi daşımır, bu, dünyada bir daha belə faciələrin yaşanmasına yol verilməməsi üçün çağırışdır.
Azərbaycan diasporunun fəal üzvü Zöhrab Cəfərov deyib: “Bu anım günlərində Azərbaycan xalqı bir daha ümid və inamla beynəlxalq təşkilatlara, dünya xalqlarına və dövlətlərə müraciət edərək həqiqəti və ədaləti qorumağa, bu dəhşətli cinayəti lənətləməyə, təşkilatçıları, icraçıları və cinayətkarları cəzalandırmağa çağırır. Dünyada hadisələrin inkişafı göstərir ki, bizim susmağa haqqımız yoxdur. Dünya Xocalı soyqırımını tanımalıdır ki, belə faciələr bir daha heç yerdə təkrarlanmasın!”.
Diaspor fəalı, tanınmış tarixçi alim Eldar Tağıyev isə çıxışında vurğulayıb ki, Azərbaycan xalqı Xocalı faciəsini unutmağa heç zaman imkan verməyəcək. O bildirib ki, dünya birliyi zamanında Ermənistanın işğalçılıq siyasətinə düzgün qiymət versəydi, bu gün yeni müharibə ocaqları yaranmazdı. Xocalı soyqırımı dünyanın ümumi dərdidir. Bunu Xocalı soyqırımının 16 dövlət tərəfindən soyqırımı kimi tanınmasına dair qətnamələrin qəbulu da sübut edir. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviya, həmçinin ABŞ-nin 24 ştatı Xocalı soyqırımını tanıyıb.
Dnepropetrovsk vilayəti Azərbaycanlılar Liqasının bazar günü məktəbinin direktoru Yaqut Bəşirovanın və digərləri çıxışlarında Qarabağda azərbaycanlılara, bu gün isə Ukraynanın dinc şəhərlərində törədilmiş müxtəlif hərbi cinayətlərin səbəb və nəticələrindən danışıblar. Onlar Xocalı faciəsinin dəhşətlərini bir daha xatırladıblar.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Diaspor 2023-02-27 13:43:00