Bu il Biləsuvarda 7 min hektardan çox sahədə çiyid səpiləcək VİDEO
Biləsuvar, 27 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda bu il 7 min hektardan çox sahədə pambıq əkini planlaşdırılır. Ötən ilin payızından əkin üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir. İstehsalçılar bu günədək müqavilə bağladığı torpaq sahələrinin 5 min hektardan çoxunda şum işlərini başa çatdırıblar.
AZƏRTAC xəbər verir ki, pambıq əkinində şum prosesi aqrotexniki tədbirlər sırasında ən aktualıdır. Bu prosesdən sonra pambıq əkiləcək torpaq sahəsi qış aratına qoyulur. Bu dövrdə torpaq nəmişlik toplayır və əkin öncəsi hazırlığını tamamlamış olur.
Biləsuvarlı istehsalçılar mühüm aqrotexniki tədbirlərin optimal müddətdə həyata keçirilməsi üçün hələ ötən ilin payızından pambıq əkiləcək sahələrdə şum işlərinə başlayıblar. Tədarükçülərlə bağlanan müqavilələr əsasında 610 mülkiyyətçi bu günədək 6 min hektara yaxın sahədə şum işlərini başa çatdırıb.
Rayonda strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün fermerlər növbəli əkin sisteminə üstünlük verirlər. Bunun nəticəsidir ki, ötən il fərdi qaydada 45-50 sentnerdən artıq məhsuldarlıq əldə edən fermerlərin sayı onlarla olub.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Gülağa Qurbanovla söhbət zamanı deyib: “Biləsuvarda pambıq əkini üçün 7600 hektardan artıq ərazi ayrılıb. Şum işləri yekunlaşmaq üzrədir. Fermerlərlə bu barədə qabaqcadan maarifləndirici söhbətlər də aparılıb, bu aqrotexniki tədbirin əhəmiyyəti izah olunub”.
Uzun illərdir pambıqçılıqla məşğul olan təcrübəli fermer Rasim Mirzəyev bu il 10 hektar sahədə pambıq əkəcək. Onun sözlərinə görə, arata qoyulan torpaqda ehtiyat su toplanması əkindən sonra pambıq cücərtilərinin vaxtında və düzgün şəkildə çıxması üçün vacib tədbirlərdəndir. Həm qış, həm də yaz aratı şırımlarla aparılır. Yaz aratı martın ortalarından aprelin ilk on günlüyünə qədər yekunlaşmalıdır: “Birinci şumu yanvarda eləmişəm, qarın, yağışın altında qalıb. İndi də ikinci dəfə şum aparıram. Ümid edirəm, məhsuldarlıq yaxşı olar”.
Qeyd edək ki, təsərrüfatçılar tarlalarda yazqabağı mühüm aqrotexniki tədbirlərin ardınca aprelin birinci on günlüyündən çiyid səpininə başlayacaqlar.
Balakənli kümçülər iki gündə qəbul məntəqəsinə 2,1 tondan çox yaş barama təhvil veriblər
Şabranda taxıl biçininə hazırlıq işləri yekunlaşıb
Zaqatalada mövsümün ilk günündə 351 kiloqram yaş barama təhvil verilib
Neftçalada respublika üzrə mövsümün ilk taxıl biçininə start verilib
Ağcabədi kümçüləri mövsümün ilk günündə 957 kiloqram barama təhvil veriblər