×
A
A
A
Sazlamalar

Milan şəhərində azərbaycanlı rəssamın “Xocalının yaddaşı” adlı sərgisi açılıb

Milan, 27 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərində azərbaycanlı rəssam Elay Məmmədovun Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Xocalının yaddaşı” adlı sərgi Heydər Əliyev Fondunun və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Milanın XVIII əsrə aid tarixi “Libreria Bocca” kitabxana-qalereyasında keçirilir.
Milan Rəssamlıq Akademiyasının məzunu E.Məmmədovun əsərləri yaddaşlarda qanlı iz buraxan Xocalı faciəsi qurbanlarının dilindən danışan xəyali portretlər kimi təqdim olunur. İtaliyanın dünya şöhrətli fiqurativ rəssamı Alessandro Russo sərginin açılış mərasimində iştirak edənlər sırasında olub. O, E.Məmmədovun rəsm əsərlərində yaratdığı üslubdan məmnun olduğunu bildirib.
Tədbirdə İtaliyanın digər tanınmış incəsənət nümayəndələri də iştirak ediblər. Qonaqlara Xocalı soyqırımı barədə ətraflı danışılıb, erməni vəhşiliyi bir daha diqqətə çatdırılıb. İştirakçılara, həmçinin Azərbaycan incəsənəti haqqında geniş məlumat verilib.
Sərgi martın 6-dək davam edəcək.
Qeyd edək ki, tarixi əhəmiyyətə malik “Libreria Bocca” kitabxana-qalereyasında Aqostino Bonalumi, Arnaldo Pomodoro, Lusio Fontana, Osvaldo Licini kimi tanınmış italyan rəssamların əsərləri də sərgilənib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan

Xocalı faciəsi 2023-02-27 10:21:00