×
A
A
A
Sazlamalar

Roma sakinləri Xocalı soyqırımı barədə məlumatlandırılıb

Roma, 27 fevral, AZƏRTAC

İtaliyadakı icma üzvlərimiz paytaxt Roma ictimaiyyətini Xocalı soyqırımı haqqında məlumatlandırmaq üçün sosial aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, İtaliya-Azərbaycan Alyansının üzvləri paytaxt sakinlərini ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər, Xocalı həqiqətləri və soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumatlandırıblar.
Bildirilib ki, 31 il öncə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 nəfəri etnik mənsubiyyətinə görə qətlə yetirib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1275 nəfər əsir götürülüb və 150 nəfər itkin düşüb.
Yerli sakinlərə Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs edilib. Azərbaycan xalqının Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsini, təqsirkarların cəzalandırlmasını tələb etdiyi vurğulanıb.
Sosial aksiya zamanı Roma sakinlərinə Xocalı qətliamına dair məlumatlandırıcı bukletlər, üzərində “Xarıbülbül” simvolu olan qoruyucu maskalar və qələmlər təqdim edilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2023-02-27 10:10:00