×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sofiya şəhərində də anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub, ehsan verilib. Tədbir Bolqarıstan Baş Müftiliyi ilə birgə təşkil edilib. Baş Müfti Xocalı qətliamı kimi qanlı hadisələrin təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayıb.
Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Bolqarıstan mətbuatında geniş məlumatlar dərc edilib. Məlumatlarda 7 min nəfərlik əhaliyə malik Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə qəddarlıqla məhv edildiyi, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 5379 nəfərin zorla didərgin salındığı, 1275 nəfərin əsir və girov götürüldüyü barədə həqiqətlər bolqar oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Xocalıda insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Dünyanın 18 ölkəsi və bir sıra beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını kəskin şəkildə pisləyən qətnamə və bəyanatlar qəbul edilib.
Tədbirlər çərçivəsində, həmçinin Bolqarıstandakı həmvətənlərimiz və yerli ictimaiyyat nümayəndələri ilə səfirliyin binasında görüş keçirilib. Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Mərasimdə çıxış edən səfir Hüseyn Hüseynov soyqırımı, onun səbəbi və acı nəticələri haqqında məlumat verib, soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb, bu xüsusda hər bir azərbaycanlının fəallıq göstərməsinin vacib olduğunu qeyd edib.
Sonra Xocalı soyqırımı haqqında film nümayiş etdirilib. Tədbir çərçivəsində, həmçinin faciəni əks etdirən fotosərgi təqdim olunub.

Xocalı faciəsi 2023-02-27 00:31:00