Unudulmayan tarix
Ağdam, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Ağdamda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.
Öncə Ağdam Konfrans Mərkəzində dünyaşöhrətli Azərbaycan əsilli fotojurnalist Reza Deqatinin Birinci Qarabağ müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin rəsmi açılışı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandıqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qonaqları salamlayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, bu faciə günahsız Azərbaycan vətəndaşlarının vəhşicəsinə qətl edilməsi, öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bəşir Hacıyev vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi altında yumruq kimi birləşən xalqımız, şücaətli ordumuz Vətən müharibəsində düşməndən qisasını alaraq bəşəri ədaləti bərpa etdi.
“Tarixi torpaqlarımızı - doğma Qarabağı yenidən qurub-yaradırıq. Burada həyat yenidən qaynayacaq, qarabağlılar öz doğma yuvalarında firavan həyat sürəcəklər”, - deyən B.Hacıyev Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyib.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxışında qeyd edib ki, qalib, güclü dövlətimiz daim öz gənclərinin yanındadır. O gənclər ki, Qarabağın yenidən qurulmasında və bərpasında yaxından iştirak edəcək, qüdrətli Azərbaycanın tarixini unutmadan işıqlı gələcəyimizə yol açacaqlar.
Daha sonra Azərbaycan Gənclər Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı nişanəsi” qısametrajlı film nümayiş edilib.
Tədbir zamanı soyqırımı şahidi Dürdanə Ağayeva 31 il öncə dinc əhalinin üzləşdiyi amansız vəhşilikdən bəhs edərək, yerlə-yeksan edilmiş Xocalını xalqımızın qəlbində yaşayan ən böyük kədər adlandırıb.
Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin hazırladığı bədii kompozisiyanın ifası insanlıq tarixinə amansız soyqırımı kimi düşən dəhşətli faciənin heç vaxt unudulmayacaq ağrı-acısını sənətin, musiqinin dili ilə bir daha ictimaiyyətin gözü önünə gətirib.
Ardınca Bəxtiyar Xanızadənin quruluş verdiyi “Xocalı bu olub” tamaşası dərin hüznlə izlənilib.
Sonda Xocalı soyqırımının canlı şahidləri, Qarabağ ziyalıları, dövlət rəsmiləri, əcnəbi diplomatlar, eləcə də incəsənət nümayəndələri Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər və əklillər qoyublar.
“Sumqayıt” klubu ilk futbolçu transferini edib
MDB Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlanıb
Nazir Rəşad Nəbiyev Qusarda şəhid ailəsini ziyarət edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşları qəbul edib
Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib